Mən Bakı şəhərində doğulub
böyümüşəm. Çox sevdiyim valideynlərimin söylədiyinə görə musiqiyə həvəs məndə
çox kiçik yaşlardan başlayıb. Hələ 5 yaşımda məni Azərbaycan Dövlət radiosunda
uşaq verlişlərindən birinə oxumaq üçün dəvət etmişdilər. Və bu da mənim gələcək
həyatımın istiqamətini təyin etdi. O zaman mən əmin oldum ki, musiqisiz yaşaya
bilmərəm. Mənim ən xoş xatirələrim 9 il bir yerdə çıxış etdiyim "Cücələrim"
ansamblı ilə bağlıdır. Bu ansambl ilə birlikdə mənim C.Cahangirovun "Qarabağ"
mahnısını ifa etdiyim Heydər Əliyev adına Sarayla (Lenin adına Saray) ilk
tanışlığım oldu. O anları indiyə qədər xatırlayıram - səhnə arxasında
dəqiqələrlə davam edən həyəcan, gur işıqlar, 2000-lik zalın gurultulu alqışları
və respublikanın mərkəzi konsert zalının səhnəsində dayanmış balaca qız.

Sonralar həmin ansamblla biz bir çox səhnələrdə - Moskvada,
Leninqradda, Çelyabinskdə, Ukraynada, Latviyada, Litvada, Gürcüstanda çıxış
etdik, amma, ilk səhnə həyəcanı mənim qəlbimdə hər zaman qalacaq. A. Şaiq adına
54No-li orta məktəbdə təhsil aldığım müddət ərzində mən iki dəfə musiqi
müsabiqələrinin laureatı oldum. Əvvəlcə 1985-ci ildə Moskvada ümumdünya 12
gənclər festivalında, sonra isə 1986-cı ildə Gürcüstanda, gənc ifaçıları musiqi
müsabiqəsində. Məktəbdə oxuduğum son illərdə isə A. Cavanşirovun "Bənövşə"
xorunun tərkibində çıxış etdim.
Təhsilimi başa vurduqdan və bir illik
hazırlıqdan sonra, 1990-cı ildə mən musiqi Akademiyasına, vokal kursuna daxil
oldum. Orada gözəl pedaqoq, professor, dosent E. Quliyevadan dərs aldım. Elə
həmin il mən Bakıda keçirilən məsuliyyətli bir müsabiqədə - "Odlar Yurdu"
müsabiqəsində iştirak etdim və yenə laureat oldum.
Gücümü sınamaq üçün
1994-cü ildə Türkiyəyə getdim. Orada 5 il ərzində dərs keçdim, həmçinin müxtəlif
musiqi səhnə və meydanlarımda çıxışlar etdim.
Doğma şəhərə qayıtdıqdan sonra
sənət həyatımda çox əhəmiyyətli bir hadisənin - ilk solo albomun hazırlıqlarına
başladım. Bu albom 2001-ci ildə - mənim Qazağıstanda diplomant kimi çıxış
etdiyim "Asiyanın Səsi" müsabiqəsindən sonra işıq üzü gördü. Bu diskin, həmçinin
2004-cü ildə çıxan diskimin repertuarına korifey sənətkarlarımızın mahnıları,
həmçinin xarici klassik musigi nümunələri daxil edilmişdir. İndi üçüncü albom
üzərində işlər gedir və ümid edirəm ki, yaxında o işıq üzü
görəcək.